BAKI, 4 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya “Ənsarallah” Hərəkatının (Husilər) ölkəyə hücum cəhdləri olacağı təqdirdə mövqelərinə zərbələr endirəcək.

Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.

“Koalisiya krallığa, vətəndaşlarına və milli sərvətlərinə hücum, eləcə də qardaş Yəmən Respublikasının suverenliyini pozmaq cəhdlərinin qarşısını almaq üçün qətiyyətlə və misli görünməmiş güclə cavab verəcək”, - o bildirib.

Koalisiya nümayəndəsi husilərin son günlər Ər-Riyadı hədəfə alan bəyanatlarını “Yəmən xalqına qarşı törədilən ağır cinayətlərdən diqqəti yayındırmaq cəhdi” adlandırıb. Əl-Malikinin sözlərinə görə, “Ənsarallah” iqtisadi problemlərə görə məsuliyyəti başqalarının üzərinə atmağa və Yəmən daxilində artan narazılığı gizlətməyə çalışırlar.

“Ənsarallah” sülh təşəbbüslərini rədd edərək, Qırmızı dənizdə vəə Bab əl-Məndəb boğazında gəmi marşrutlarına hücumlarını davam etdirir. Husilər bununla Yəmənin həyati əhəmiyyət daşıyan obyektlərini, o cümlədən Xudeyda, Əs-Səlif və Ras-İsa limanlarını, Səna beynəlxalq hava limanını, elektrik stansiyaları və sənaye müəssisələrini tam məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurlar”, - əl-Maliki vurğulayıb.