BAKI, 25 may. TELEQRAF

Səudiyyə Ərəbistanı rəhbərliyi yəhudi dövləti bu payız parlament seçkiləri keçirənə qədər İsraillə münasibətlərin normallaşdırılması istiqamətində heç bir addım atmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Portal bildirib ki, krallığın İsraildən əsas tələbi Fələstin dövlətinin yaradılmasına razılıq verməklə əlaqəlidir. İsrail hökuməti bu məsələdə sərt mövqe tutur. Səudiyyə Ərəbistanı həmçinin İrana qarşı hərbi əməliyyat və BƏƏ ilə artan fikir ayrılıqları fonunda İsraillə münasibətlərin normallaşdırılması ehtimalına şübhə ilə yanaşır.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Səudiyyə Ərəbistanı da daxil olmaqla, digər müsəlman ölkələrini İsraillə münasibətləri normallaşdırmağa və İbrahim Sazişlərinə qoşulmağa çağırıb. Vaşinqton hesab edir ki, ABŞ İranla sülh razılaşmasına nail olarsa, krallığın bu addımı atması ağıllı olardı.

İsraildə parlament seçkiləri oktyabrın 27-dən gec olmayaraq keçirilməsi planlaşdırılır. Mayın 20-də Knesset (İsrail parlamenti) erkən buraxılma haqqında qanun layihəsini ilkin oxunuşda təsdiqləyib. Qüvvəyə minməsi üçün qanun layihəsi parlament komitələri tərəfindən nəzərdən keçirilməli və Knessetin plenar iclasında üç oxunuşda təsdiqlənməlidir.