BAKI, 30 aprel. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına üzən “Qlobal “Sumud” Donanması - İkinci Missiya” adlandırılan humanitar yardım gəmilərinə qarşı addımlarını “piratçılıq aktı və naviqasiya azadlığı prinsipinin pozulması” adlandırıb.

Teleqraf xəbər verir ki, bəyanatda beynəlxalq ictimaiyyət bu müdaxilə ilə bağlı vahid mövqe tutmağa çağırılıb.

“Qəzzaya humanitar yardım çatdırmaq üçün yaradılan “Qlobal “Sumud” Donanması”na beynəlxalq sularda İsrail hücumu piratçılıq aktıdır. İsrail Qəzzada humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum edərək humanitar dəyərləri və beynəlxalq hüququ pozub. İsrailin bu təcavüzü həmçinin beynəlxalq sularda naviqasiya azadlığı prinsipini də pozur”, - nazirlik bildirib.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti İsrailin bu addımlarına qarşı vahid mövqe tutmağa çağırıb: “Digər ölkələrlə birlikdə vətəndaşlarımız və donanmadakı digər sərnişinlərlə bağlı vəziyyəti həll etmək üçün bütün lazımi addımları atırıq”.

Türkiyə xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə telefonda donanma ilə bağlı durumu müzakirə edib. Söhbət zamanı İsrail Ordusunun Krit sahillərində üzən donanmaya qarşı açıq dənizlərdə qanunsuz müdaxiləsinin müxtəlif ölkələrdən olan çoxsaylı mülki şəxslərin həyatını təhlükəyə atdığı və beynəlxalq hüququ pozduğu vurğulanıb.