BAKI, 5 fevral. TELEQRAF

“ABŞ ilə İran arasındakı gərginliyin regionu yeni toqquşma və xaosa sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İrana qarşı hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bəyan etmişik, bunu tərəfdaşlarımıza da çatdırmışıq. İndiyə qədər tərəflərin diplomatiyaya yer açmaq istədiklərini görürəm. Bu, müsbət inkişafdır. Problemlərin həlli yolu toqquşmalar deyil, uzlaşma zəminində bir araya gəlmək və danışıqlardır. Proses canlıdır və qopmayıb. Dialoq və diplomatiya üçün zəmin hələ də açıqdır. Aşağı səviyyəli görüşlərdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqların da faydalı olacağını düşünürəm. Hərbi gərginliyin bu qədər artdığı br vaxtda danışıqlar masasının hansısa formada qurulması da vacibdir. Ümid edirik ki, problemlər dialoq yolu ilə həll olunacaq və regionumuzda yeni münaqişə baş qaldırmayacaq. İstər liderlər diplomatiyası, istərsə də digər səviyyələrdə aparılan görüşlər vasitəsilə danışıqlar zəminini gücləndirmək üçün çalışacağıq. Bu zəmin nə qədər genişlənəcək, başqa ölkələr də prosesə qoşulacaqmı - görəcəyik”, - o vurğulayıb.

R.T.Ərdoğan bir daha qeyd edib ki, Türkiyə regionda yeni müharibə istəmir:

“Hamı bilir ki, regionumuzda sülh, əmin-amanlıq və sabitlikdən hamımız qazanacağıq. Amma münaqişə, qan və gözyaşının hökm sürdüyü bir coğrafiyada hamı mütləq uduzur. Buna görə də hamımızın sülhün tərəfində yer alması ən məntiqli seçimdir. Düşünürəm ki, region ölkələri son illərdə yaşanan münaqişəli proseslərdən bunu açıq şəkildə görüb və bizim mövqeyimizi dəstəkləyirlər. Artıq ətrafımızı bürüyən od halqasından çıxmağın, yanan alovları söndürməyin vaxtı çoxdan çatıb. Burada ortaq məxrəc sağlam düşüncədir. Bu məsələyə yalnız hərbi prizmadan baxmaq regionu fəlakətə aparar.

Alovu daha da körükləməyin heç kimə faydası yoxdur. Regionumuz qan, gözyaşı və müharibələrə doyub. Artıq sülh və əmin-amanlıqdan danışmaq, əməkdaşlıqları gücləndirmək istəyirik. Problem həmişə olur, fikir ayrılıqları beynəlxalq münasibətlərin bir hissəsidir. Amma diplomatiya da məhz bunun üçündür. Sülhpərvər diplomatiyanı gücləndirməliyik. Bu, həm ölkəmizin, həm də regionumuzun maraqları baxımından həyati əhəmiyyət daşıyır”.