BAKI, 2 fevral. TELEQRAF

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Den Keyn və yüksək rütbəli komandası ilə son dərəcə məxfi görüşü baş tutub. Bu səfər İsrail-ABŞ münasibətlərində ən mühüm işçi kanallardan birinin tərkib hissəsi kimi qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Baş Qərargahı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahı ilə İsrail arasında üçtərəfli operativ və strateji ox formalaşıb. İranla 12 günlük müharibədən sonra yaradılan bu hərbi kanal çərçivəsində tez-tez qarşılıqlı əlaqələr qurulur, iclaslar keçirilir.

“Jerusalem Post” qeyd edir ki, İranla 12 günlük müharibədən sonra ABŞ və İsrail arasında hərbi-kəşfiyyat koordinasiyasının güclənməsi daha sıx və institutsionallaşmış kanalın formalaşmasına gətirib çıxarıb. Bu kanal sahə üzrə əldə olunan təcrübə, kəşfiyyat sinerjisi və mümkün ssenarilər üzrə planlaşdırmanı İsrail və ABŞ arasında əlaqələndirir.