BAKI, 31 yanvar. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında real döyüş sursatı ilə iki günlük dəniz təlimi keçirmək niyyətini açıqlamasından sonra ondan beynəlxalq su yolunda istənilən gərginlik yaradan və təhlükəli davranışlardan çəkinməsi tələb olunub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilir.

CENTCOM-un məlumatına görə, sözügedən təlim fevralın 1-də başlayacaq. Mərkəzi Komandanlıq vurğulayıb ki, SEPAH-dan bu təlimi təhlükəsiz və peşəkar şəkildə keçirməsini, beynəlxalq dənizçilik və gəmiçilik azadlığı üçün lazımsız risklər yaratmamasını gözləyir.

CENTCOM-un bəyanatında qeyd olunur ki, Hörmüz boğazı beynəlxalq keçid yoludur və qlobal ticarətin ən vacib arteriyalarından biri sayılır, regionun iqtisadi rifahında əsas rol oynayır. Bildirilir ki, orta hesabla hər gün bu dar su yolundan təxminən 100 ticarət gəmisi keçir.

ABŞ Mərkəzi Komandanlığı həm də bəyan edir ki, Amerika qüvvələri İranın beynəlxalq sular və hava məkanında peşəkar fəaliyyət göstərmək hüququnu tanıyır. Amma xəbərdarlıq edir ki, ABŞ qüvvələri, regional tərəfdaşlar və ya ticarət gəmilərinin yaxınlığında istənilən təhlükəli və ya qeyri-peşəkar davranış toqquşma riski yaradır, gərginliyi artırır və sabitliyin pozulmasını ehtimalını yüksəldir.

CENTCOM vurğulayır ki, Yaxın Şərqdəki ABŞ qüvvələri, gəmiləri və hava vasitələrinin təhlükəsizliyini təmin edəcək, təhlükəli hesab olunan hərəkətlərə dözməyəcək.

Bəyanatın sonunda CENTCOM vurğulayır ki, ABŞ ordusu dünyada ən yaxşı hazırlanmış və ən güclü silahlı qüvvələrə malikdir və fəaliyyətini ən yüksək peşəkarlıq səviyyəsi və beynəlxalq normalara sadiqliklə davam etdirəcək. CENTCOM əlavə edir ki, SEPAH-dan da eyni standartlara riayət etməsi gözlənilir.