BAKI, 12 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də nazirlərlə İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi zərbələr, kiberhücum və yeni sanksiyaları müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Görüşə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Baş Qərargah rəisi general Den Keyn dəvət olunub. Onların Trampa İrandakı iğtişaşlara cavab vermək üçün variantlar, o cümlədən həmin ölkədəki hədəflərə zərbə endirmək imkanı təqdim etmələri gözlənilir. Pentaqon hələlik potensial zərbələrə hazırlıq məqsədilə İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.

ABŞ həmçinin İrandakı mülki və hərbi hədəflərə kiberhücum, əlavə sanksiyalar və ölkədə internetin kəsilməsi səbəbindən iğtişaşlarda iştirak edənlər arasında rabitəni qorumaq üçün “Starlink” terminalları yerləşdirməyi nəzərdən keçirir.

Nəşr yazıb ki, bu, ABŞ administrasiyasının nümayəndələrinin İranla bağlı mümkün hərəkət istiqamətlərini müzakirə etmək üçün ilk rəsmi görüşü olacaq.

Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, ABŞ İrandakı hadisələrə güc tətbiq etməklə cavab vermək imkanlarını ciddi şəkildə nəzərdən keçirir.