BAKI, 11 yanvar. TELEQRAF

İranda mövcud rejimə qarşı keçirilən ümummilli etiraz aksiyaları artıq iki həftədir davam edir. Nümayişlər zamanı baş verən toqquşmalarda həlak olanların sayı artıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Məlumatına görə, zorakılıqlar nəticəsində ən azı 116 nəfər ölüb.

Ölkədə internetin kəsilməsi və telefon xətlərinin bloklanması səbəbindən xaricdən hadisələrin real miqyasını qiymətləndirmək xeyli çətinləşib. Buna baxmayaraq, HRANA ölənlərin sayının 116-ya çatdığını, 2600-dən çox insanın isə saxlanıldığını açıqlayıb.

İran dövlət televiziyası ölkədə vəziyyətin nəzarət altında olduğunu nümayiş etdirməyə çalışır. Rəsmi kanal əsasən təhlükəsizlik qüvvələri arasındakı itkiləri işıqlandırır, həlak olan nümayişçilər barədə susur və onları getdikcə daha çox "terrorçu" adlandırır.

Bununla belə, dövlət mediası bu gün səhər saatlarında paytaxt Tehranda və ölkənin şimal-şərqində yerləşən müqəddəs Məşhəd şəhərində etiraz aksiyalarının davam etdiyini etiraf edib.