BAKI, 9 yanvar. TELEQRAF
“İranda son günlərdə küçələrdə baş verən etirazlar ilk baxışda sosial narazılığın növbəti dalğası kimi görünə bilər. Ancaq prosesi bir qədər dərindən təhlil etdikdə, daha fərqli mənzərə ortaya çıxır, baş verənlər spontan xalq üsyanından çox sistem daxilində islahat cəhdlərinin məqsədli şəkildə sabotaj edilməsi kimi görünür”.
Teleqraf xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, İranda maraqlı qanunauyğunluq formalaşıb, hər dəfə sistem daxilindən islahat təşəbbüsü yarandıqda, küçə “öz-özünə” qaynayır:
“Hazırda bu təşəbbüs Prezident Məsud Pezeşkian və ətrafında formalaşmış islahatçı komanda ilə bağlıdır. Pezeşkian hesab və təklif edir ki, Qərblə sanksiyaların səbəblərini müzakirə və idarə etməklə, onların yumşaldılmasına nail olmaq lazımdır.
İran Prezidentinin xətti ondan ibarətdir ki, radikal dəyişiklik deyil, mərhələli yumşalma, iqtisadi rasionallıq və xarici siyasətdə risklərin aşağı salınması hesabına ölkədə sosial gərginliyin azaldılması vacibdir. Məhz bu yanaşma İran hökuməti daxilində ən güclü müqavimətlə üzləşib. Müqavimətin əsas qaynağı isə “Bəsic” və SEPAH ətrafında formalaşmış güc-iqtisadi koalisiyadır.

Bu qruplar təkcə təhlükəsizlik strukturları yox, həm də ölkənin əsas maliyyə, resurs və ticarət axınlarını nəzarətdə saxlayan paralel dövlət mexanizmi qurub. Bu paralel dövlət mexanizmləri üçün Pezeşkianın xətti, yəni şəffaflıq təhlükəlidir, inkişaf risklidir, normallaşma isə mövcud iqtisadi üstünlüklərin itirilməsi deməkdir. Onlara İranda inkişaf yox, imitasiya lazımdır və bu imitasiya mexanizmi illərdir dəyişmir, indi də eyni ardıcıllıqla işləyir.
Təşəbbüs hələ müzakirə masasındaykən, qapalı iclaslardan “detallar” mediaya ötürülür. Bu məlumatlar məqsədli şəkildə təhrif olunur və “İslam təhlükədədir”, “dini rejim satılır” kimi çərçivələrdə təqdim edilir. Ardınca SEPAH-a yaxın deputatlar, ideoloji ruhanilər və onlara bağlı media qurumları islahat təşəbbüslərini “fitnə”, “xəyanət”, “Qərbin planı” kimi damğalayır. Məqsəd islahatı başlamadan legitimlikdən salmaqdır.
Paralel olaraq verilən qərarlar da ya icra olunmur, ya da yarımçıq icra edilir. Ardınca isə “baxın, bu komanda işləyə bilmir” narrativi formalaşdırılır. Bu, İranda illərdir davam edən klassik bürokratik sabotajdır”.
Yeganə Hacıyevanın sözlərinə görə, reallıq ondan ibarətdir ki, sanksiyalardan narazı və yorulmuş cəmiyyətin real sosial narazılığı mövcuddur:
“Ancaq bu narazılıq heç vaxt küçədə təsadüfi vaxtda baş qaldırmır, məhz ölkədə islahat ehtimalı yarananda aktivləşir, eskalasiyanı dərinləşir, zorakılığı artırır və sairə.
Nəticədə güc strukturlarının müdaxiləsinin “qaçılmazlığı” sübut edilmiş olur, repressiya öz-özünü doğruldan mexanizmə çevrilir.
Bu gün İranda küçədə baş verənlər yeni deyil:
2009-cu ildə islahatçı seçki dalğası “fitnə” adı ilə boğulmuşdu;
2019-cu ildə iqtisadi yumşalma ehtiyacı küçə və repressiya ilə əvəz olunmuşdu;
2022-ci ildə sosial liberallaşma ehtimalı xaosla zərərsizləşdirilmişdi və sairə.

Bu gün də Pezeşkian xətti eyni mexanizmlə bloklanır. Yəni indi İranda küçədə baş verən proseslər spontan xalq üsyanı deyil, Pezeşkian xəttinin sistemdaxili sabotajıdır. Başqa sözlə, İranda baş verənlər xalqın islahatlara qarşı çıxışı deyil, əksinə, bu, islahatların xalqın sosial narazılığı üzərindən boğulmasıdır. Pezeşkian və komandasının qarşısındakı əsas maneə nə xarici düşməndir, nə də küçədir. Əsas maneə resursları ələ keçirmiş, inkişafdan qorxan və status-kvonun qorunmasında maraqlı olan sistemdaxili koalisiyadır. Bu model dəyişmədikcə, İranda hər yeni islahat cəhdi eyni ssenari ilə üzləşəcək: küçə, xaos, repressiya və nəticədə dəyişməyən status-kvo”.
Politoloq başqa bir məqama da diqqət çəkib:
“Bu mərhələdə İran azərbaycanlıları ilə bağlı məsuliyyətsiz açıqlamalar, çağırışlar nə onlara, nə də İran dövlətinə faydalıdır. Belə açıqlamalar SEPAH və “Bəsic” üçün bizimkilərə qarşı repressiyalar üçün göydəndüşmə bəhanə yaradır. Belə çağrışları əsas götürərək, azərbaycanlıları “təhlükəsizlik riski” kimi təqdim edir, onlar yaşayan ərazilərdə nəzarəti sərtləşdirir, repressiyaları genişləndirir və legitimləşdirirlər.
Uduzan tərəf də həmişə İran azərbaycanlıları olur. Onların sosial, iqtisadi və mədəni problemləri daha da siyasiləşdirilir, normal vətəndaş tələbləri isə təhlükəsizlik məsələsinə çevrilir. Bu baxımdan belə məsuliyyətsiz açıqlamalar soydaşlarımızla həmrəylik deyil, bu, birbaşa SEPAH-Bəsic xəttinə xidmət edən populizmdir”.