BAKI, 5 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) Ukrayna üzrə danışıqlarda iştirakı təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik bildirib ki, Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ilə koordinasiyalı şəkildə danışıqlarda mümkün iştirakı müzakirə edib. Aİ-nin səylərinə baxmayaraq, Vladimir Putin ABŞ Prezidenti Donald Trampla bu yöndə müvafiq razılaşma əldə etdiyini deyib.

Rusiya lideri həmçinin bildirib ki, Avropa müharibənin bitməsində silah tədarükü ilə deyil, Kiyevi müzakirə olunan kompromislərə razı salmağa çalışmaqla rol oynaya bilər.

Nəşr xatırladıb ki, Putin Ukrayna rəhbərliyindən bütün Donbası təhvil verməsini tələb edir və bunun müqabilində hazırkı cəbhə xəttində hərbi əməliyyatları dayandıracağına söz verib.

“Bloomberg”in fikrincə, məhz bu fonda ABŞ-nin iştirak etdiyi Ukrayna-Rusiya danışıqları dalana dirənib. Mənbə əlavə edib ki, buna Trampın bütün diqqətini İrana yönəltməsi zəmin yaradıb.