BAKI, 5 iyun. TELEQRAF

Əmlakı üzərinə həbs qoyulan, lakin təqsirləndirilən şəxs olmayan şəxslərin hüquqları genişləndirilir və onlar cinayət prosesində ayrıca iştirakçı statusu alacaq.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar.

Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada bir sıra hüquqlardan istifadə edə biləcək. Bunlara cinayət işinə əlavə olunması üçün sübut və digər materiallar təqdim etmək, etirazlar və vəsatətlər vermək, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında iştirak etmək, nümayəndəyə malik olmaq, qərarların surətlərini almaq, həmçinin apellyasiya, kassasiya və əlavə kassasiya qaydasında şikayət vermək hüquqları daxildir.

Həmçinin xüsusi müsadirənin tətbiqi və ya mülki iddianın təmin olunması məqsədilə əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarlardan məhkəmə nəzarəti qaydasında, eləcə də yekun məhkəmə qərarlarından apellyasiya, kassasiya və əlavə kassasiya qaydasında şikayət vermək imkanları da genişləndirilir.

Dəyişikliklərə əsasən, əmlak üzərinə həbs qoyulması ilə bağlı mübahisələrin bəzi hallarda mülki mühakimə icraatı qaydasında deyil, məhkəmə nəzarəti mexanizmi çərçivəsində araşdırılması nəzərdə tutulur. Bu mexanizmin daha operativ hüquqi müdafiə imkanları yaratdığı bildirilir.

Bununla yanaşı, həmin şəxslərin çağırış üzrə gəlmək, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin göstərişlərinə əməl etmək, məhkəmə qaydalarına riayət etmək və qanunla qorunan məlumatları yaymamaq kimi vəzifələri də müəyyənləşdirilir.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.