BAKI, 5 iyun. TELEQRAF
"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və onun qanuni nümayəndəsinin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi anası Z.Şirinzadə tanınıb.
Daha sonra iclasda təqsirləndirilənin vəkili və zərərçəkənin iştirak etmədiyinə görə proses iyunun 17-nə təxirə salınıb.
Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.