BAKI, 5 iyun. TELEQRAF
“Türkiyə ABŞ və İran arasında danışıqlarda irəliləyişi nəzərə alır və konkret nəticələrə ümid edir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“İran-ABŞ müharibəsi təkcə bizim regiona deyil, bütün dünyaya mənfi təsir göstərir. İran və ABŞ arasında danışıqlarda əldə edilən irəliləyişi qeyd etməkdən məmnunuq, ümid edirik, danışıqlar konkret nəticələrə gətirib çıxaracaq və davamlı sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcək. Hörmüz boğazında naviqasiya azadlığının bərpası və müharibədən əvvəlki vəziyyətə qayıtmaq qlobal iqtisadiyyat, enerji və təhlükəsizlik baxımından zərurətdir”, - o bildirib.
Hakan Fidan qeyd edib ki, Türkiyə də öz növbəsində Bəsrə körfəzi bölgəsində nizamlanmanı asanlaşdırmaq üçün diplomatik səyləri gücləndirir:
“ABŞ və İranla yanaşı, biz də regional ölkələrlə bu məsələ ilə bağlı intensiv məsləhətləşmələr aparırıq. Bu kontekstdə, Pakistanın davamlı atəşkəsin təmin edilməsi üçün vasitəçilik səylərini xüsusilə yüksək qiymətləndiririk və bu səylərə effektiv dəstək verməyə davam edirik”.
Xarici işlər nazirinin sözlərinə görə, danışıqlarda irəliləyişlərə baxmayaraq, Ankara atəşkəsin vaxtaşırı pozulmasından narahatdır: “Tərəflər diplomatik prosesi təhlükə altına qoya biləcək addımlardan çəkinməlidirlər. Beynəlxalq ictimaiyyət müharibəyə son qoymaq üçün vahid iradə nümayiş etdirməlidir”.