BAKI, 5 iyun. TELEQRAF

“Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə Ukrayna ilə Rusiya arasında sülh müqaviləsini pozsa da, bu gün də sərbəst gəzməyə və konfranslar keçirməyə davam edir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Müharibə başladıqdan iki ay sonra - 2022-ci ilin aprelində İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin rəhbərləri tərəfindən sülh müqaviləsi razılaşdırılmışdı. Ukrayna nümayəndə heyətinə parlamentdəki hakim fraksiyanın sədri David Araxamiya rəhbərlik edirdi. O, müqavilənin şərtlərinin Ukrayna üçün məqbul olduğunu söyləmişdi. Kiyevə qayıtdılar, sonra Britaniya baş naziri gəldi və müqaviləni pozdu”, - Papuaşvili bildirib.

Gürcüstan parlamentinin rəhbəri əlavə edib ki, bundan sonra müharibə dörd ildir davam edir, amma Conson sərbəst şəkildə gəzir, konfranslar keçirir, seminarlarda iştirak edir.