BAKI, 3 iyun. TELEQRAF

“Amerikalı müğənni Kanye Uestin mayın 30-da İstanbuldakı konserti türk dəyərlərinə zidd idi, Mədəniyyət Nazirliyi gələcəkdə bu cür tədbirləri daha yaxından izləməlidir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral deyib.

“Kanye Uestin İstanbuldakı konserti adi musiqi tədbiri hesab edilə bilməz. İnanclarımıza və dəyərlərimizə zidd ritorika və simvolların nümayiş etdirildiyi bir şouya qatılmaq üçün 118 000 gənc pul ödəyib. On minlərlə insanın (Uestin) “Mən Tanrıyam” sözlərinin həvəslə təkrarlanması ciddi məsələdir”, - o bildirib.

Saral qeyd edib ki, ən narahatedici məqam isə cəmiyyətin mühafizəkar təbəqəsinin də bu mədəni mühasirənin bir hissəsinə çevrilməsidir:

“Dəhşətlidir, heç kim gənclərimizə qarşı yönəlmiş bu cür şəxsiyyətsizləşdirməyə etiraz etmir. Mədəniyyət və Turizm Nazirliyimizi millətimizin mənəvi və mədəni hislərinə təsir edən bu cür hadisələrə qarşı daha çox diqqətli olmağa çağırırıq. Ölkəmizin uşaqları qlobal mədəniyyət sənayesinin diktələrinə tabe olmayaraq, öz dəyərlərini müdafiə etməlidirlər”.

Prezidentin baş müşaviri həmçinin Kanye Uestin əməkdaşlıq etdiyi fransız modelyer Mişel Laminin konsertdə iştirakına diqqət çəkib. Saral əlavə edib ki, o, okkultizm və qaranlıq simvollarla əlaqəli şəxsdir və onun bu tədbirdə iştirakı bunun ancaq musiqi və şou ilə bağlı olmadığını göstərir.

Qeyd edək ki, Kanye Uest İstanbulun Atatürk Olimpiya stadionunda iki saatlıq şou ilə çıxış edib. Biletlərin qiyməti 120-800 dollar olub.