BAKI, 5 iyun. TELEQRAF
Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan ərazilərimiz ekosidə və urbisidə məruz qalıb və bu da həmin ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olub. Bundan əlavə, işğal olunmuş ərazilərdə basdırılmış çoxsaylı minalar bu gün də ciddi ekoloji ziyan vurmaqda davam edir.
Teleqraf xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışdı. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun olaraq infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli ekosistemin bərpasına töhfə verəcək.
Eyni zamanda, yaşıl enerji zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur günəş, külək və su elektrik resursları da daxil olmaqla geniş bərpaolunan enerji potensialına malikdir. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır", - deyə dövlət başçısı qeyd edib.