BAKI, 14 dekabr. TELEQRAF
HƏMAS Qəzza zolağında təşkilatın komandirlərindən biri olan Rəid Səədin İsrailin hücumu nəticəsində həlak olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS-ın Qəzza üzrə nümayəndəsi Xəlil əl-Həyyə videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı ümumilikdə beş nəfər ölüb.
İsrail ordusu isə şənbə günü Qəzza şəhəri yaxınlığında keçirilən əməliyyat zamanı Rəid Səədin zərərsizləşdirildiyini bəyan edib. Hücum nəticəsində azı 25 nəfərin yaralandığı bildirilir.
HƏMAS nümayəndəsi çıxışında oktyabrda əldə edilmiş atəşkəs razılaşmasının pozulduğunu qeyd edib və vasitəçiləri vəziyyətə müdaxilə etməyə çağırıb.
Qəzza rəsmilərinin məlumatına görə, atəşkəs qüvvəyə mindikdən sonra bölgədə hərbi əməliyyatlar davam edib və bu müddət ərzində yüzlərlə insanın həyatını itirdiyi bildirilir. İsrail tərəfi isə hücumların təhlükəsizlik məqsədi daşıdığını bəyan edir.