BAKI, 19 noyabr. TELEQRAF

“Bu məsələnin həllinin illər çəkəcəyini düşünürəm. Ankara və başqa yerlərdə atılan addımların yaxşı bir proses olduğunu görürük. Bu prosesin uğurlu olması üçün hamımızın yardım edən və töhfə verən tərəflər olmağa dəyər”.

Teleqraf xəbər verir ki, bunu Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani deyib.

Bərzani regional administrasiyanın keçmiş illərdə PKK terror təşkilatının tərksilah edilməsi məsələsini asanlaşdırmağa çalışdığını bildirib:

“Türkiyədəki sülh prosesi bütün tərəflərə təsir edəcək və hər kəs bu prosesdən faydalanacaq. Bu prosesin uğurlu olması üçün əlimizdən gələn bütün səyi göstərəcəyimizi və bütün imkanlarımızı səfərbər edəcəyimizi artıq bəyan etmişik. Biz də praktiki olaraq da bu prosesin uğur qazanması üçün kömək etmişik.

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyim görüşdən gəldiyim təəssürata görə, bu proses həqiqətən çox ciddidir. Amma realist olmalıyıq; 40 ildir davam edən bir problemi qısa müddətdə həll etmək mümkün deyil. Bu məsələ səbir tələb edir. Bəzən proses dayanmış kimi görünə bilər, amma bu doğru deyil, belə bir məsələ bu qədər tez həll oluna bilməz”.