BAKI, 20 iyul. TELEQRAF
Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas ilin sonuna qədər Fələstin Milli Şurasına seçkilər təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.
Bu, 2006-cı ildən sonra Fələstin Milli Şurasına keçiriləcək ilk seçkilər olacaq.
Qeyd edək ki, təxminən 300 üzvü olan Fələstin Milli Şurası, Fələstin Azadlıq Təşkilatının (FƏT) qanunverici orqanıdır. Bu qurum bir zamanlar beynəlxalq aləmdə Fələstin xalqının yeganə nümayəndəsi olub, lakin Fələstin Administrasiyasının proto-hökumət kimi meydana çıxması ilə onun təsir gücü azalıb və hazırda əsasən daxili simvolik əhəmiyyət daşıyır.
Fələstin Administrasiyası kimi, bu qurum da FƏTH hərəkatının nəzarəti altındadır.
İsrail nəşri hesab edir ki, bu qurum üçün yeni seçkilərin elan edilməsi, İordan çayının qərb sahilində nüfuzu çox aşağı olan Fələstin Administrasiyası və Fələstin Azadlıq Təşkilatı üçün ictimai legitimliyi bərpa etmək cəhdi kimi görünür.