​BAKI, 27 iyun. TELEQRAF

İranla İsrail arasında baş vermiş 12 günlük silahlı qarşıdurmadan sonra Fars körfəzində radiasiya səviyyəsi norma daxilində qalır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəsmi açıqlamasında qeyd olunub.

“Münaqişə zamanı İranda bir neçə nüvə obyektinə ciddi ziyan dəysə də, Fars körfəzində radiasiya səviyyəsi normadadır", - məlumatda deyilir.

AEBA-nın məlumatı beynəlxalq radiasiya monitorinq sistemi vasitəsilə davamlı daxil olan göstəricilərə əsaslanır. Qeyd edilir ki, əgər İranın nüvə reaktorlarından hər hansı biri ciddi şəkildə zədələnsəydi, bu şəbəkə əhəmiyyətli radioaktiv çirklənməni qeydə alardı.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda üç nüvə obyektini, o cümlədən Fordo uranın zənginləşdirilməsi zavodunu bombalamışdı. ABŞ Prezidenti Donald Tramp hücumun məqsədinin İranın uran zənginləşdirmə potensialını məhv etmək olduğunu bildirmişdi.

Bununla belə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, nüvə obyektlərinə ciddi ziyan dəyib, lakin proqram tamamilə məhv edilməyib.