BAKI, 24 iyun. TELEQRAF
“İran rejiminin atəşkəs rejimini pozmasına cavab verəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Eyal Zamir deyib.
“İran rejiminin atəşkəs rejimini ciddi şəkildə pozmasına uyğun olaraq, hücuma keçəcəyik və buna güclə cavab verəcəyik”, - general-polkovnik vurğulayıb.
***
11:53
İranın atəşkəs rejimini pozmasına sərt cavab verəcəyik.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
Müdafiə naziri İran Silahlı Qüvvələrinin paytaxt Tehrandakı hədəflərinə zərbələrin endiriləcəyini bildirib.
“İranın atəşkəsi pozmasına Tehranın mərkəzindəki rejim hədəflərinə sərt zərbələrlə cavab verəcəyik”, - Kats vurğulayıb.
Müdafiə naziri İranın atəşkəs rejimini pozmasından sonra İsrail ordusunun Tehrandakı fəaliyyətini davam etdirməyi tapşırıb:
“İranın ABŞ prezidentinin elan etdiyi atəşkəs rejimini pozması və İsrailə raket zərbələri endirməsi fonunda İsrail hökumətinin istənilən pozuntuya güclə cavab vermək siyasətinə uyğun olaraq, İsrail ordusuna baş nazirlə (Benyamin Netanyahu) koordinasiyalı şəkildə Tehrandakı fəaliyyətlərin yenidən davam etdirməyi tapşırdım. Tehrandakı terror infrastrukturları dünən baş verən fəaliyyətin davamı olaraq hədəfə alınacaq”.
İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə raket atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnalları işə salınıb. İranın İsrailin hava məkanı üzərində iki ballistik raketi vurulub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.