BAKI, 13 iyun. TELEQRAF
ABŞ İranın mümkün cavab tədbirinə hazırlaşmaq üçün İsraildəki diplomatik nümayəndələrinin işçiləri və onların ailələri üçün təhlükəsizlik xəbərdarlığı edib.
Teleqraf xəbər verir ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ səfirliyi bütün diplomatik əməkdaşlarına və onların ailə üzvlərinə növbəti bildirişə qədər evdə qalmağı tapşırıb.
Bildirilib ki, ABŞ vətəndaşları ehtiyatlı olmağa davam etməli və şəxsi təhlükəsizlik haqqında məlumatlılığı artırmalı və minaatan, raket və ya PUA atəşi kimi fövqəladə hallar zamanı ən yaxın sığınacaqlarının yerini bilməlidirlər.
“Təhlükəsizlik mühiti mürəkkəbdir və sürətlə dəyişə bilər”, - açıqlamada deyilir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.