BAKI, 13 iyun. TELEQRAF

Son bir neçə saat ərzində İran İsrailə 100-dən çox pilotsuz təyyarə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü general Effi Defrin mətbuat konfransında deyib.

“İsrail Müdafiə Qüvvələri onları vurmağa çalışır. Bu ana qədər olanlardan çox çətin bir əməliyyat bizi gözləyir. Dəyanət və səbr göstərməliyik”, - general bildirib.

Defrin qeyd edib ki, İrandan buraxılan pilotsuz təyyarələrin İsrailə çatması bir neçə saat çəkəcək.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, Xameneyinin müşabiri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.