BAKI, 21 may. TELEQRAF
İsrail Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbə endirməyə hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-nin hakim dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
"Son aylarda İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı əhəmiyyətli dərəcədə artıb. ABŞ ilə İran arasında Tehranın urandan tam imtina etməsini ehtiva etməyən sazişin imzalanması perspektivi bu zərbənin ehtimalını daha da artırır", - rəsmi şəxslərdən biri telekanala bildirib.
Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı son qərarı qəbul edib-etmədiyini bilmir, ABŞ kəşfiyyat məlumatları isə yəhudi dövlətinin niyyətini birmənalı təsdiqləmir. Zərbəyə hazırlığın dolayı əlamətləri arasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus texnika və silahların yerdəyişməsi, onların manevrlərini göstərmək olar. Eyni zamanda, İsrailin İranı nüvə proqramı mövzusunda ciddi güzəştlərə getməyə məcbur etmək üçün güc yoluna əl atacağı istisna edilmir.