BAKI, 18 aprel. TELEQRAF

ABŞ Suriya hökuməti üçün bu ölkəyə qarşı sanksiyaların yumşaldılmasını ehtiva edən yeni şərtlər siyahısı hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

WSJ Amerika rəsmilərinə istinadla yazır ki, ABŞ-nin Əhməd Şaraanın rəhbərlik etdiyi Suriya hökumətinə sanksiyaların ləğvi və ya yumşaldılması üçün şərtləri var.

Şərtlərdən birinə görə, Dəməşq sanksiyaların məhdud şəkildə yumşaldılması müqabilində Fələstin qruplarının (xüsusən HƏMAS-ın) Suriyada fəaliyyətlərini qadağan etməli və onları ölkədən çıxarmalıdır.

Məlumatda qeyd olunur ki, Suriya hökumətindən kimyəvi silah anbarı ilə bağlı da hərəkətə keçməsi tələb olunacaq.

ABŞ Dövlət Departamentindən nəşrə deyilib: “Hazırda Birləşmiş Ştatlar heç bir qurumu Suriya hökuməti kimi tanımır. Suriyanın müvəqqəti hakimiyyət orqanları terrorizmdən tamamilə əl çəkməli və ölkədə bunu yatırmalıdır”.