
BAKI, 8 aprel. TELEQRAF
İraqdakı bəzi qrupların türkmənlərə qarşı fərqli yanaşmaları qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan İraq mediasına müsahibəsində deyib.
Osmanlı İmperiyasının dağılmasından sonra Türkiyə ilə həmsərhəd olan bütün ölkələrdə türk azlığının olduğuna diqqət çəkən nazir bu toplumların heç vaxt separatçı hərəkatlarda iştirak etmədiyini və qurucu rol oynadıqlarını bildirib:
“Ona görə də biz inanırıq ki, türkmənlərə İraqın hörmətli övladları kimi layiq olduqları bütün hüquqların verilməsi vacibdir. Bütün xalqlara verilən hüquqlar kimi”.
Hakan Fidan türkmənlərin yaşadıqları yerlərdə siyasi narahatlıqlar səbəbiylə zəiflədilməsinin türkmənləri deyil, Türkiyəni hədəf alan bir amil olduğunu qeyd edib:
“Biz həmişə deyirik: bu cür kiçik oyunlarla oradakı kiçik qrupa qalib gəlməyə çalışaraq atacağınız addımlar sizi qələbəyə aparmayacaq, əksinə, Türkiyənin qəzəbinə tuş gələcəksiniz. Bunun əvəzinə Türkiyə ilə əlaqələri daha da gücləndirmək üçün türkmən əhalisindən istifadə edə bilərsiniz”.
Fidan İraqda türkmənlərin heç vaxt separatçılıq, terror və cinayət mənbəyi olmadığını, bəzi qrupların onlara fərqli yanaşmasının qəbuledilməz olduğunu, bununla bağlı narahatlıqlarını aidiyyəti qurumlara çatdırdıqlarını və intensiv şəkildə müzakirə etdiklərini vurğulayıb.