BAKI, 16 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özuqaldıran yuk avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.