
BAKI, 10 mart. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa ölkənin qərbində baş verən qanlı hadisələrin iştirakçılarının hamısını məsuliyyətə cəlb edəcəyinə söz verdikdən bir neçə saat sonra paytaxt Dəməşqdə təhlükəsizlik patruluna hücum olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumatda deyilir ki, Dəməşqin Məzzəh məhəlləsində patrula bombalı hücum olub.
Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hücumdan sonra keçmiş rejimə bağlı qruplara qarşı təqibləri artırıblar. Bu, ötən həftəsonu Latakiya və Tartus vilayətlərində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında baş verən şiddətli qarşıdurmalardan sonra təhlükəsizliyi qorumaq üçün bu iki bölgəyə əlavə hərbi qüvvə göndərildikdən sonra baş verib.
Ötən həftə Latakiya əyalətinin sahil kəndlərində əksəriyyəti ələvilərin yaşadığı bir kənddə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan bir şəxsin tutulmasından sonra yaranan gərginlik rejimə bağlı silahlıların atəş açması ilə şiddətli toqquşmaya çevrilib. Bundan sonra hökumət qüvvələri Suriyanın keçmiş prezidenti Bəşər Əsədə bağlı şəxslərin izinə düşmək üçün genişmiqyaslı əməliyyatlara başlayıb.
Bu hadisələr ötən il dekabrın 8-də Əsədin devrilməsindən sonra ölkənin şahidi olduğu ən şiddətli qarşıdurmalardır.