BAKI, 16 fevral. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgə ölkələrinin Suriya məsələsində konsensusda olduqlarını və Suriyanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını istədiklərini bildirib.

Teleqraf "Anadolu agentliyi"nə istinadən xəbər verir ki, Fidan Almaniyanın Münhen şəhərində keçirilən 61-ci Təhlükəsizlik Konfransında “Dəməşq üçün yeni üfüq: Suriyada keçid prosesinin perspektivləri” panelində çıxış edib.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra bölgə ölkələri ilə bir araya gələrək Dəməşqdəki yeni administrasiyadan gözləntiləri müzakirə etdiklərini bildirən nazir Fidan uzun illərdən sonra Suriyada problemləri həll etmək fürsəti əldə etdiklərini əlavə edib.

Region ölkələrinin Suriya ilə bağlı konsensusuna toxunan Fidan yekun mövqeyi açıqlayıb: "Prinsiplər belədir; qonşu ölkələrə qarşı təhdidlər görmək istəmirik. Terrorun inkişaf etməsini və yer qazanmasını istəmirik. Azlıqlarla pis rəftar edilməsini istəmirik. Suriyanın ərazi bütövlüyü və siyasi suverenliyinin təmin olunmasını istəyirik. Hərtərəfli idarəçiliyin olmasını istəyirik".

Fidan Suriyadakı yeni administrasiyanın beynəlxalq və regional ictimaiyyətin tələblərinə yaxşı cavab verdiyini, həmkarlarından və digər rəsmilərdən Suriya rəhbərliyi ilə bağlı böyük şikayətlər almadığını və bu insanların Suriyanın aşması lazım olan çətinliklərin fərqində olduğunu bildirib.