BAKI, 17 aprel. TELEQRAF

“İran ABŞ-ni regiondan çıxarmaq və Hörmüz boğazına nəzarəti özündə saxlamaq niyyətindədir”.

Teleqraf xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Baxşiş Ərdəstani deyib.

“ABŞ özü ilə bölüşmək şərtilə İrana Hörmüz boğazında rüsum tətbiq etməsini təklif edib. İran buna razı deyil”, - deputat bildirib.

Ərdəstani iki ölkə arasında İranın nüvə proqramı ilə bağlı gedən müzakirələrə də diqqət çəkib:

“İran uranın zənginləşdirilməsinə 20 illik moratoriumu qəbul etməyib, 5 illik təklif irəli sürüb. 400 kiloqram uranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında İran daxilində zəiflədilməsi təklifi qəbul olunub, amma ABŞ uranın ölkədən çıxarılmasını tələb edir”.

Həmçinin deputat vurğulayıb ki, İranda internetin bərpası ABŞ ilə razılaşmaya tabedir:

“İnternetin məhdudlaşdırılması sosial şəbəkələr vasitəsilə müdaxilə və sui-qəsd təhlükələri ilə bağlıdır. Qərb ölkələri internetin açılması məsələsini qabardır, bu da göstərir ki, İran güclü nöqtəyə toxunub. Razılaşmadan sonra internet sürətlə açılacaq. Bu razılaşma İran-ABŞ münasibətlərinin normallaşmasının başlanğıcı ola bilər. Bir çox ölkə ABŞ ilə müharibə edib, sonra barışıb”.