BAKI, 18 aprel. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Orta Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşdə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı, eləcə də Yaxın Şərqdə və İran ətrafında gərginliyi müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirlər Rusiya-Orta Asiya strateji tərəfdaşlığının inkişafına dair ortaq öhdəliklərin icrasının vacibliyini vurğulayıblar. Rusiya ilə Orta Asiya dövlətləri arasında iqtisadiyyat, enerji, ekologiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın aktual məsələlərinə xüsusi diqqət yetirilib. MDB, AİB, KTMT və ŞƏT çərçivəsində altı dövlət arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib" - Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər həmçinin 9 oktyabr 2025-ci ildə Düşənbədə keçirilən ikinci Mərkəzi Asiya-Rusiya Zirvə Görüşündə əldə edilən razılaşmaların, o cümlədən sammitdə irəli sürülən genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsini müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş altı dövlət başçısının 9 oktyabr 2025-ci il tarixli qərarlarının həyata keçirilməsi üçün kollektiv fəaliyyətdə mühüm mərhələ olub. Bu görüşdə Rusiya ilə Orta Asiya ölkələri arasında qlobal miqyasda əməkdaşlığın dərinləşdirilməsi yolları müəyyən edilib.