BAKI, 5 iyun. TELEQRAF
Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
O bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında ekoloji bərpa prosesinin dəstəklənməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramından (UNEP) ekspert dəstəyi alıb.
"Ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və meşə fondu ərazilərinin meşə ilə örtülü sahəsinin artırılması sahəsində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilib və böyük nailiyyətlər əldə olunub", - nazir vurğulayıb.