BAKI, 5 iyun. TELEQRAF

Bakı hədəfi başda olmaqla, COP29-da ortaya qoyulan öhdəliklərin icrasını diqqətlə izləyəcəyik.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31 prezident təyinatı Murat Kurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, çoxtərəflilik dediyimiz etibarlılıq yalnız hədəflər müəyyən etməklə təmin olunmur: "Gələcək hədəflərə nail olmaq yolunda qarşıda duran problemlərin miqyası ortaq iradə və əməkdaşlığı zəruri edir. İndi dünya sadəcə yeni vədlər eşitmək istəmir, verilmiş vədlərin həyata keçirildiyini görməyi arzulayır.

Bu uğurun açarı isə cəmiyyətin bütün təbəqələrinin prosesdə iştirak etməsidir. Hökumətlərdən yerli idarəçilərə, özəl sektordan akademik dairələrə, gənclərdən qadınlara, vətəndaş cəmiyyətindən maliyyə dünyasına qədər hər kəsin bu dönüşümün bir hissəsi olmalı olduğuna inanıram".