Bakının Xəzər rayonunda yaşayış evinə basqın edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 19-da saat 20 radələrində, Buzovna qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Nazim Kərimovun evinə basqın edən daha bir nəfər müəyyən edilib. Bu, 1986-cı il təvəllüdlü Elgün Abdullayevdir. O, həbs edilib.

Qeyd edək ki, bundan əvvəl 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Hüseynov və onun bacısı Gülnurə tutulublar.

Yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girən 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib, pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən Nazim Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

Faktla bağlı cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynalov