BAKI, 14 sentyabr. TELEQRAF
Azərbaycanda narkotik cinayətləri üzrə bəzi göstəricilər azalıb, müsadirə olunan narkotik isə artıb.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-avqust aylarının yekununa dair məlumatda qeyd olunub.
Məlumata görə, 2025-ci ilin yanvar-avqust ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 313 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 416 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 41 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 24 fakt, qrup halında olan cinayətlərin sayı 37 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 25 nəfər azalıb, həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 143 fakt, digər cinayətlərlə bağlı faktların sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 79 nəfər və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 002 kq 927,4979 qr artıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 928 kq 804,897 qramını (84,7%) marixuana təşkil edib. Onun da 4 ton 960 kq 902,137 qr qramı (83,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 967 kq 902,76 qramı (16,6%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.