BAKI, 14 sentyabr. TELEQRAF

Azərbaycanda müəmmalı ölüm işinə görə mərhumun ata-anasına qarşı dələduzluq edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini olan 1957-ci il təvəllüdlü Dilarə adlı qadın Balaxanım və onun həyat yoldaşı Ələmdara 9 il əvvəl ölmüş oğullarının cinayət işinin üstünün açılmasına kömək edəcəyi adı ilə yalan vəd verib. O, həmin şəxslərdən müxtəlif vaxtlarda ümumilikdə 3268 manat alıb.

Dilarə barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzuq) maddəsi ilə ittiham elan edilib.

Dilarə ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, zərərçəkmişlərlə tanış olduğu vaxtdan 7-8 ay əvvəl qolunu sındırdığı üçün müalicə məqsədilə tez-tez yaşadığı Ağsu rayonundan Bakı şəhərinə gəlib-gedib:

“2025-ci il oktyabrın sonlarında Bakıya gəlirdim. Taksidə məndən başqa bir qadın, bir kişi sərnişin də vardı. Qadınla avtomobilin arxa oturacağında əyləşmişdik, həyat yoldaşı isə qabaqda oturmuşdu. Söhbət zamanı qadın adının Balaxanım olduğunu, məni tanıdığını, evimin yanması, dövlət tərəfindən mənə yardım olunması barədə eşitdiyini söylədi.

Bildirdi ki, oğlu 9 il öncə naməlum şəraitdə ölüb, şirkət rəhbəri tərəfindən zəhərlənməsindən şübhələnir. Bu işin üstünün açılmasına kömək etməyimi xahiş elədi. Taksi Bakı şəhərinə çatanda telefon nömrəmi aldı”.

Dilarənin ifadəsinə görə, 5-6 gün sonra Balaxanım və həyat yoldaşı Ələmdar ona zəng ediblər: “Həmin vaxt Bakı şəhərindəydim, pula ehtiyacım vardı. Fikirləşdim ki, Balaxanımgildən bu adla pul alıb, maddi ehtiyaclarımı qarşılayım. Söhbət zamanı həkimə getmək üçün ondan kart hesabıma pul göndərməsini istədim. Balaxanım da kartıma hissə-hissə ümumlikdə 3268 manat köçürdü.

Pulları şəxsi tələbatıma xərclədim, onları da arxayın etdim ki, məsələnin həllinə köməklik göstərəcəm. Bir müddət sonra mobil telefonumu itirdim. Daha Balaxanım və əri ilə əlaqə saxlaya bilmədim”.

Təqsirləndirilən şəxs deyib ki, maddi vəziyyətinin ağır olması səbəbindən zərərçəkmişlərə dəyən zərəri ödəyə bilməyib, amma həmin məbləği ödəmək niyyətindədir.

İş üzrə zərərçəkmiş Balaxanımın sözlərinə görə, Dilarə ilə 2025-ci ilin oktyabr ayının sonlarında əri Ələmdarla Ağsu rayonundan Bakı şəhərinə gələn zaman taksidə tanış olub: “Ona oğlumun 2017-ci ildə naməlum səbəbdən öldüyünü, müxtəlif dövlət qurumlarına şikayətlər etməyimizə baxmayaraq məsələnin hələ də bizə qaranlıq qaldığını dedim. Dilarə bu məsələdə bizə kömək edəcəyini dedi. Yeznəsinin Türkiyədə tanışları olduğunu, onların vasitəsi ilə həmin ölkədən bu işə müstəntiq, vəkil cəlb edəcəyini dedi.

Dilarənin telefon nömrəsini qeyd etdim, axşam yenidən bu mövzuda söhbət etdik. O, məsələ ilə bağlı kimlərləsə danışdığını dedi, kartına 50 manat göndərməyimi istədi. Novxanı qəsəbəsində yaşadığım evin yaxınlığında ödəmə terminalından kart hesabına 50 manat göndərdik”.

Zərərçəkmiş qeyd edib ki, bir neçə saat sonra Dilarə ilə yenidən telefon əlaqəsi saxlayıb: “O, hansısa vəkillə danışaraq razılaşdığını, müqavilə bağlamaq üçün 240 manat göndərmək lazım olduğunu söylədi. Növbəti dəfə telefon əlaqəsi saxlayarkən, guya hansısa şəxslərlə görüşdüyünü, onlara 500 manat verməli olduğumuzu dedi, 40 manat da özü üçün yolpulu istədi”.

Balaxanım deyib ki, həmin ərəfədə Dilarə ona zəng vurub, guya onları Qəbələdə yüksək vəzifəli şəxslərlə görüşdürəcəyini, onra zəng edərək görüşün başqa vaxta qaldığını bildirib: "Dilarənin məni aldatdığını anladım. Ondan pulumu tələb etsəm də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırdı. Bir neçə gün sonra mobil telefon nömrəsinə zəng çatmadıqda Abşeron Rayon Polis İdarəsinə müraciət etdim”.

Zərərçəkmiş bildirib ki, oğlunun ölüm səbəbinin araşdırılması məqsədi ilə Dilarənin kartına ümumilikdə 3268 manat köçürüb, əlavə xərclər də çəkdiyi üçün ona ümumlikdə 6000 manat ziyan dəyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Dilarə 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə Ağsu rayon Probasiya Şöbəsinə məlumat vermədən cəzaçəkmə müddəti ərzində Ağsu rayonunun hüdudlarından kənara çıxmaq, hər gün saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən evini tərk etməsi qadağan olunub.

Qadının müalicəsi ilə əlaqədar xəstəxanada olması dövründə bu hallar istisna olunub.