BAKI, 20 may. TELEQRAF

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Teleqraf-a Xarici işlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səyləri müzakirə edib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri nəzərdən keçirilib. Bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Olaf Skuq öz növbəsində işğaldan azad edilmiş ərazilərə səfər təəssüratları ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.