BAKI, 5 may. TELEQRAF
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivlərini ətraflı nəzərdən keçiriblər.
Siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb.
Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.
Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan ilə normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına sadiqliyi bir daha vurğulanıb.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunub.
Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
15:02
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında təkbətək görüş başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müzakirələr daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan və Aİ arasındakı münasibətlərin bütün spektri, o cümlədən siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, habelə ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri ətrafında hərtərəfli müzakirələr aparılıb.
Enerji sahəsində işbirliyinə, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı roluna və bərpa olunan enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Müzakirələr zamanı ticarət və investisiya, iqtisadi şaxələndirmə, rəqəmsallaşma, innovasiya və sənaye sahələrində tərəfdaşlıq məsələlərinə toxunulub. Eyni zamanda, nəqliyyat-logistika əlaqələri, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri nəzərdən keçirilib.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik, münaqişədənsonrakı bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə prosesi və Cənubi Qafqazda normallaşma səylərini müzakirə ediblər. Görüşdə regionda davamlı sülh və sabitliyin əldə olunmasının vacibliyi vurğulanıb.
****
14:31
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında təkbətək görüş başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
14:12
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kaya Kallasın səfəri dəyişən regional və qlobal dinamika fonunda dialoqun və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayır:
"Bu görüş tərəflər arasında qarşılıqlı hörmət və müştərək maraqlara əsaslanan əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır".