BAKI, 20 aprel. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuanqketkeovla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazirlər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər. Siyasi dialoq, iqtisadi-ticari əlaqələr, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
2025-ci ilin dekabrında Azərbaycanın Tailandda səfirliyinin açılması və nazirliklər arasında siyasi məsləhətləşmələrin birinci raundunun keçirilməsi münasibətlərin institusional bazasını gücləndirən əsas hadisələr kimi qeyd edilib.
Tərəflər BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) daxil olmaqla, beynəlxalq platformalar çərçivəsində tərəfdaşlığın önəmini qeyd ediblər.
Ceyhun Bayramov həmkarına Azərbaycanın sülh gündəmi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri və minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin geniş regionun təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.