BAKI, 20 aprel. TELEQRAF

Heç bir dövlət müasir dövrün çağırışları ilə təkbaşına mübarizə apara bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sosial media hesabında paylaşım edib.

Nazir Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik etdiyini və tədbirdə Prezident İlham Əliyevin müraciətini səsləndirdiyini bildirib.

O, "Heç kimi kənarda qoymamaq" devizi altında ölkəmizin insan mərkəzli tərəqqiyə sadiqliyini, həmçinin təhsil, səhiyyə və rəqəmsallaşma sahəsindəki nailiyyətlərini vurğulayıb:

"Bakıda COP29-a uğurla ev sahibliyi etdikdən və yeni iqlim maliyyəsi öhdəliklərini təmin etdikdən sonra, biz Asiya və Sakit okean regionundakı bütün icmalara əlçatan təmiz enerji çatdırmaq üçün praktiki investisiyalar yatırmağa çağırırıq. Sülh, sabitlik, "Cənub-Cənub" əməkdaşlığı və regional həmrəylik əsas faktorlar olaraq qalır. Heç bir dövlət müasir dövrün çağırışları ilə təkbaşına mübarizə apara bilməz. Sədr qismində Azərbaycan daha inklüziv və dayanıqlı Asiya-Sakit okean regionu qurmaq naminə bütün tərəfdaşlarla əhəmiyyətli, nəticəyönümlü yekunlar əldə etmək üçün konstruktiv şəkildə çalışacaqdır".