BAKI, 19 mart. TELEQRAF

Martın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev dövlətimizin başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı, həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.

Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.

***

12:36

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 19-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.

Dövlət başçıları Ramazan və Novruz bayramları münasibətilə bir-birlərini səmimi təbrik edərək qardaş xalqlara sülh, əmin-amanlıq, rifah və inkişaf arzulayıblar.

Söhbət zamanı Ali Dövlətlərarası Şuranın ikinci iclasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Ticarət dövriyyəsinin sabit şəkildə artdığı, ticari-iqtisadi, investisiya, nəqliyyat, mədəni-humanitar və digər prioritet sahələrdə birgə əməkdaşlıq layihələrinin irəli sürüldüyü məmnunluqla qeyd olunub.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Vəziyyətin daha da gərginləşməsinin geniş region üçün gözlənilməz nəticələrə, qlobal iqtisadiyyatda resessiyaya səbəb ola biləcəyi və durumun yalnız siyasi-diplomatik vasitələrlə tezliklə yumşaldılmasının vacibliyi vurğulanıb.

Gələcək iki və çoxtərəfli tədbirlər planı da nəzərdən keçirilib.