BAKI, 17 mart. TELEQRAF
Bu gün Polşa Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazirlər Yaxın Şərqdə davam edən müharibənin regional və qlobal səviyyədə ciddi təhlükəsizlik təhdidləri yaratdığını, deeskalasiyanın və danışıqlar prosesinin bərpasının əhəmiyyətini vurğulayıblar. Polşa naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəyliyini ifadə edib. Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Nazirlər telefon danışığı zamanı həmçinin digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
***
15:54
Polşa Baş nazirin müavini, xarici işlər naziri Radoslav Sikorski azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı R.Sikorski martın əvvəlində İran ərazisindən Azərbaycana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumunu qətiyyətlə pisləyib. O, beynəlxalq hüququn bu cür pozulmasının qəbulolunmaz olduğunu vurğulayıb.
Tərəflər həmçinin Yaxın Şərq və Cənubi Qafqaz regionundakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Nazirlər davam edən münaqişələrin yarada biləcəyi mümkün siyasi və iqtisadi nəticələr barədə fikir mübadiləsi aparıblar.