BAKI, 11 mart. TELEQRAF
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinos ilə görüşüb.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki,görüş zamanı Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib. Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi barədə qarşı tərəfə məlumat verib.
Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.
Tərəflər daha sonra Yaxın Şərqdə artan hərbi eskalasiyadan irəli gələn məsələləri müzakirə edib, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.