BAKI, 5 mart. TELEQRAF

Bu gün Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı, Azərbaycanın Naxçıvan ərazisinə İran ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.