BAKI, 6 noyabr. TELEQRAF

Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı iştirak edəcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

"Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə Türkiyə Respublikasının Prezident Qvardiyasının nümayəndə heyəti və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı da iştirak edəcək", - o deyib.

Zəki Aktürk əlavə edib ki, noyabrın 7-də isə Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq.

Xatırladaq ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.