BAKI, 21 avqust. TELEQRAF
20 avqust 2025-ci il tarixində Azərbaycanın Dominikandakı səfiri Ruslan Rzayev etimadnaməsini Dominikan Prezidenti Luis Abinaderə təqdim edib.
Teleqraf Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfirliyinə istinadən xəbər verir ki, Dominikan Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Dominikan Prezidenti Luis Abinaderə çatdırıb.
Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.