BAKI, 24 iyun. TELEQRAF
Aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan və Çin hökumətləri arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bununla, müvafiq müddəaya uyğun olaraq, saziş iyulun 16-da qüvvəyə minəcək.
Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Çin Xalq Respublikasının vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.