BAKI, 12 iyun. TELEQRAF
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” kompüter dəstəkli komanda-qərargah təlimləri başlayıb.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk iyunun 12-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, iyunun 12-də start götürən və ayın 19-dək davam edəcək təlimlərin məqsədi iki qardaş ölkə arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir.
Z.Aktürk bildirib ki, iyunun 20-dən 30-dək Naxçıvanda “Mustafa Kamal Atatürk -2025” birgə təliminin də keçirilməsi planlaşdırılır:
“İyunun 30-da eyni vaxtda “Sarsılmaz Qardaşlıq” və “Mustafa Kamal Atatürk-2025” təlimlərinin müşahidəçi günü təşkil olunacaq”.
O, Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə də təbrik edib: “Həmrəy olduğumuz Azərbaycanın Milli Qurtuluş Gününü “İki dövlət, bir millət” anlayışı ilə birlikdə qeyd edirik”.