
BAKI, 15 aprel. TELEQRAF
"Azərbaycanla təhlükəsizlik məsələləri yönündə əməkdaşlığımız davam edir".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, hərbi sahədə təhsilin verilməsindən tutmuş, silah alqı-satqısı məsələrinə qədər Azərbaycanla sıx təmasdayıq:
"Bütün fəaliyyətimizi dövlət başçılarımız Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən dəstəklənir. Əməkdaşlığımız uğurla inkişaf edir. Bizim müdafiə sahəsində əməkdaşlığımız üçüncü ölkələr tərəfindən heç bir halda təhdid kimi qəbul edilməməlidir. Tək məqsədimiz Vətənimizin müdafiəsidir. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən çıxardığımız nəticədən də yararlanaraq uğurlu nəticə əldə edəcəyimizə inanıram".
H.Akar son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhəddində atəşkəsin pozulmasına da münasibət bildirib:
"Ermənilər ağlını başına toplamalıdırlar. İkinci Qarabağ müharibəsində Azərbaycan böyük qələbə qazandı. Hazırda üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərə dalğalanır. Bu gerçəklik qəbul edilməlidir. Sülh sazişi tezliklə imzalanmalıdır. Bölgəyə sülh lazımdır. Beynəlxalq ictimaiyyət 30 il Azərbaycanın haqq işinə dəstək vermədi. Buna görə də biz haqq səsimizi daha da çatdırmaq üçün güclənməliyik".