
BAKI, 15 aprel. TELEQRAF
Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Lu Mey 14 aprel tarixində diplomatik fəaliyyətinə başlamaq məqsədilə Bakıya çatıb.
Çinin Azərbaycandakı səfirliyindən Teleqraf-a verilən məlumata görə, səfiri hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də Çin səfirliyinin əməkdaşları və yüksək səviyyəli diplomatlar qarşılayıblar.
Qarşılama zamanı səfir bildirib ki, Çin və Azərbaycan yalnız səmimi və etibarlı dost deyillər, eyni zamanda bərabərhüquqlu və qarşılıqlı fayda üzərində qurulan tərəfdaşlardır.
Lu Mey vurğulayıb ki, hər iki ölkə liderinin strateji rəhbərliyi nəticəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişaf etdiyi bir dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük qürurdur.
O əlavə edib ki, dövlət başçıları səviyyəsində əldə olunan mühüm razılaşmaların icrasını təmin etmək, həmçinin praktik əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında anlayış və dostluğun möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığını daha da irəli aparmaq məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə fəal və sıx əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, Lu Meydən öncə bu vəzifəni Qo Min icra edirdi.